“Mədəni İnkişafa Dəstək” ictimai birliyi 2 fevral 2018-ci ildə ümumi yiğıncağın qərarı ilə təsis edilib. 16 fevral 2018-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. İctimai birliyin əsas məqsədi mədəni inkişafa dəstək verməkdən ibarətdir. Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:
• Mədəniyyətin inkişafı sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək;
• Xalqımızın tarixinin, mədəniyyətinin və milli dəyərlərinin dünyada tanıdılmasına yardımçı olmaq;
• Müvafiq istiqamətdə tədqiqatların və maarifləndirmə işinin təşkilinə kömək etmək.
Nəzərdə tutulan vəzifələri həyata keçirmək üçün birlik elmi və tarixi araşdırmalar aparır, müxtəlif seminarlar, konfranslar, görüşlər və sərgilər təşkil edir, məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayır, qanunverciliyə müvafiq qaydada mətbu nəşrlər təsis edir, Azərbaycan Respublikasının aidiyyati dövlət, bələdiyyə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
İctimai birlik fəaliyyətə başladığı qısa müddət ərzində 2 uğurlu layihəyə imza atıb. “Mədəni İnkişafa Dəstək” ictimai birliyi 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycanda mədəni müxtəlifliyin təbliği mövzusunda fotosərginin və beynəlxalq tədbirin təşkili” layihəsini uğurla həyata keçirib. Layihənin məqsədi Azərbaycanın mədəni müxtəlifliyinin təbliğ edilməsi və dövlət tərəfindən aparılan multikulturalizm siyasətinə dəstək olmaqdan ibarət olub. Layihə icrası zamanı mövzu ilə əlaqədar Müasir incəsənət Mərkəzində kofrans və fotosərgi təşkil edilib. Sərgi zamanı nümayiş etdirilən şəkillərin fotoalbomu hazırlanıb.
Birlik 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yeniləşən və müasirləşən qədim Bakı” mövzusunda fotosərginin və konfransın təşkili” layihəsini həyata keçirib. Layihənin əsas məqsədi qədim tarixə malik, möhtəşəmliyi ilə seçilən müasir şəhərimizlə bağlı foto sərginin keçirilməsindən ibarət olub. Fəaliyyətin nəticəsi olaraq, Muzey Mərkəzinin sərgi qalereyasında “Müasirləşən qədim Bakı” mövzusunda konfrans təşkil edilib, Bakının qədim tarixini əks etdirən arxiv materiallarından ibarət 300-dən artıq şəkil sərgidə nümayiş etdirilib, mövzu ilə bağlı sosial çarx hazırlanıb. Tədbirin sonunda əfsanəvi “Qaya” qrupu sevilən mahnıları, eləcə də məşhur caz kompozisiyalarını məharətlə ifa ediblər.
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir. Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.
Heydər Əliyev.