1. Konfrans
Mövzu: “Müasirləşən Qədim Bakı”
I məruzəçi: Aytən Qasımova (“Mədəni İnkişafa Dəstək” ictimai birliyin sədri)
Mövzu: “Köhnə və yeni Bakı ”
II məruzəçi: Elçin Əliyev – “AMEA” Memarlıq və İncəsənət institutu Elmi işçi, BDU şəhərsalma əsasları və planlaşdırılması fənni üzrə müəllim Azərbərpa ekspert komissiyasının üzvü
Mövzu: “2019-cu il Dövlət Dəstəyi Agentliyinin lan etdiyi müsabiqə qalibləri və maliyyələşən layihələr”
III məruzəçi: Həsən Səmədov — Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məsləhətçisi
2.Video-çarxın təqdimatı
3. Foto sərgi
Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşən Bakı şəhəri Cənubi Qafqazın ən böyük liman şəhəri, regionun mühüm ticarət və mədəniyyət mərkəzlərindən biridir. Əlverişli coğrafi iqlim şəraitinə malik olan, şimaldan-cənuba, qərbdən-şərqə gedən karvan yollarının kəsişməsində yerləşən Bakı həmişə müxtəlif sivilizasiyaların və mədəniyyətlərin görüşdüyü bir məkan olmuş və zaman-zaman ayrı-ayrı mədəniyyətlərin izlərini özündə yaşatmışdır. Xəzər dənizinin mirvarisi sayılan qədim Bakı zəngin tarixi memarlıq nümunələrini qoruyub saxlamış və günü-gündən müasirləşərək «göydələn”lər şəhərinə çevrilmişdir.
Şərq və qərb arasında körpü rolunu oynayan Bakı özünün maddi-mədəniyyət abidələri ilə Azərbaycanın digər bölgələrində inşa edilən qədim tarixi tikililərlə vahid harmoniyada bir-birinə qırılmaz tellərlə bağlanmışdır. Min illərin sınağından çıxmış bütün bu dəyərlər Azərbaycan xalqının tarixi sərvətidir. Təkcə Bakının deyil, bütövlükdə orta əsr şərq mədəniyyətinin sirləri ilə dolu olan İçəri şəhər tarix-memarlıq abidəsi xalqımızın dünya mədəniyyətinə bəxş etdiyi nadir nümunələrdən biridir. Bu unikal dəyərlərin qorunub saxlanılması, geniş təbliğ edilməsi və gələcək nəsillərə çatdırılması Azərbaycan dövlətinin və hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Bakı şəhərinin qədim memarlığının qorunmasına və yeni-yeni arxitektura nümunələrinin yaradılmasına xüsusi həssaslıqla yanaşılmış, onun təşəbbüsü ilə inşa edilən saraylar, nəhəng və əzəmətli binalarla Bakı şəhərinin tarixi ansamblı daha da zənginləşmişdir. Ulu öndər tərəfindən əsası qoyulan, paytaxtda və eləcə də ölkəmizin bütün regionlarında tarixi memarlıq abidələrinin bərpa və təmir olunması və yeni memarlıq nümunələrinin yaradılması kimi məqsədyönlü işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də həmişə diqqət mərkəzində olmuş, Prezident İlham Əliyevin təşəbbüsü və tapşırıqları əsasında bu istiqamətdə ciddi və ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu gün hər bir Azərbaycan vətəndaşı böyük qürur hissi ilə fəxr edir ki, Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmişdir.
Tariximizin və mədəniyyətimizin dünyada təbliğ olunmasında müstəsna xidmətlər göstərən Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti və nəcib təşəbbüsü sayəsində müxtəlif vaxtlarda Azərbaycanın bir sıra tarixi milli mədəniyyət nümunələri və o cümlədən Şirvanşahlar sarayı və Qız qalası 2000-ci il dekabrında YUNESKO-nun «Dünya İrs Siyahısına daxil edilmiş və bu gün YUNESKO tərəfindən bəşəriyyətin yüksək dəyərləri kimi qorunmaqdadır.
Qiymətli tarixi memarlıq nümunələri ilə yanaşı son illər Bakıda həyata keçirilən iri miqyaslı layihələr yeni və müasir Avropa memarlığı üslubunda inşa edilən binalar Bakının özünəməxsus simasına xüsusi yaraşıq vermiş və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmişdir. Bu gün Bakı eyni zamanda ən müasir standartlarına cavab verən dünya memarlığının nadir elementlərini özündə birləşdirən əzəmətli binaları ilə turistləri və şəhərimizə gələn qonaqları da valeh edir.
«Mədəni İnkişafa Dəstək» ictimai birliyi bir neçə ildir ki, “Yeniləşən Qədim Bakı” mövzu üzərində araşdırmalar aparır. Araşdırma nəticəsində şəhərimizin inciləri, tarix və mədəniyyət abidələri ilə bağlı maraqlı materiallar toplayıb. Bu materialları sərgidə nümayiş etdirib, geniş ictimaiyyətin diqqətinə çatdırılmışdır. Layihə çərçivəsində qədim və günü-gündən gözəlləşən şəhərimizlə bağlı foto sərgi və konfrans təşkil olunmuşdur. Sərginin məqsədi insanların diqqətini tarixən qədim şəhərimizə yönəltməklə, doğma Bakımızı daha çox sevməyi, ona bağlı olmağı, onun tarixi və mədəni abidələri ilə bağlı daha çox məlumat əldə etməyi nəzərdə tutmuşdur.