25.05.2024-cü ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mədəni İnkişafa Dəstək” ictimai birliyi tərəfindən həyata keçirilmiş “Dünyaya tanınmış Azərbaycan baleti” layihəsi çərçivəsində çəkilən “Azərbaycan baleti” filminin təqdimat mərasimi baş tutmuşdur. Layihənin rəhbəri ictimai birliyin sədri Aytən Qasımova, filmin quruluşçu rejissoru Elnur Qədirov, rejissoru Aytən
Qasımova, ssenari müəllifi Mintac Elsevər, layihənin ideya müəllifi Aytən Qasımovadır.Layihə çərçivəsində həmçinin “Azərbaycan baleti” mövzusunda konfrans, film nümayişi və foto sərgi təqdim olunmuşdur.
“Mədəni İnkişafa Dəstək” ictimai birliyinin sədri Aytən Qasımova konfransı açaraq tədbir iştirakçılarını salamlamış və onlara layihə haqqında qısa məlumat vermişdir.Daha sonra Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun videomüraciəti dinlənilmişdir. O, filmi Azərbaycan incəsənət tarixinə böyük töhfə
adlandıraraq, böyük bir tarixi dövrü bir araya gətirən yaradıcı heyətə təşəkkürünü bildirmiş və uğurlar arzulamışdır.Tədbirdə həmçinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxış edərək Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının həyata keçirdikləri layihələrdən bəhs etmiş, bu layihənin mədəniyyətimizin inkişafında önəmini vurğulamışdır. Məruzəçilər sırasında Azərbaycan Respublikasının Əməkdar artisti, Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Baletmeyster sənəti
kafedrasının baş müəllimi Nailə Məmmədzadə, Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini Fərid İbrahimov ürək sözlərini ifadə etmişlər.
Çıxışlardan sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının artistləri Əfrasiyab Bədəlbəylinin “Qız qalası” və Qara Qarayevin “Yeddi gözəl” baletlərindən fraqmentlər nümayiş etdirmişlər. Solo partiyaları Azərbaycan Respublikasının Əməkdar artisti Nigar İbrahimova və Prezident mükafatçısı, Qəmər Almaszadə adına Beynəlxalq Balet Müsabiqəsinin laureatı Timur Oduşev, 2021-ci ildə “Humay” mükafatının laureatı, Prezident mükafatçısı Ayan Eyvazova və Azərbaycan Respublikasının Əməkdar artisti Anar Mikayılov ifa etmişlər. «Mədəni İnkişafa Dəstək» ictimai birliyinin sədri Aytən Qasımova təqdimata keçməzdən
əvvəl filmin hazırlanmasına dəyərli məsləhətlər vermiş mədəniyyət və incəsənət xadimlərimizə, Azərbaycan Televiziyasının video-kino arxiv materialları şöbəsinə, Milli Arxiv İdarəsinə, Azərbaycan Dövlət Film Fonduna təşəkkürünü bildirmiş, onların qiymətli əməyini minnətdarlıq hissi ilə qeyd etmişdir. Tədbir “Azərbaycan baleti” filminin nümayişi ilə davam etmişdir. Filmin sonunda “Mədəni İnkişafa Dəstək” ictimai birliyinin sədri Aytən Qasımova tamaşaçılara tədbirə qatıldıqlarına görə təşəkkürünü bildirmiş və onları filmlə bağlı fikirlərini söyləməyə dəvət etmişdir. Müzakirələr zamanı “Yaradıcı Qadınlar” ictimai birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Afaq Hüseynova, Azərbaycan Respublikasının Xalq artisti, kinorejissor Vaqif Mustafayev təəssüratlarını və mülahizələrini deyərək, Azərbaycan baleti tarixini bir araya gətirərək tamaşaçılara tanıdan, bu sənətin hər pilləsində böyük zəhməti olan balet ustalarına tamaşaçı ilə ünsiyyətdə olmaq imkanı verən bu filmin böyük əhəmiyyət daşıdığını vurğulamış və yaradıcı heyətə gələcək işlərində uğurlar arzulamışlar.